Ölkə sahibsiz qalan ailələrinin taleyini yaşayır

12/04/2013 11:50

   

 İnsanın iç dünyası torpağın alt qatına bənzəyir. İnsanda da təbiətdəki kimi yeraltı proseslər gedir, ― zəlzələ, uçurum, təlatüm, tufan, vulkan kimi püskürmək
     Hər bit təbii fəlakətdən sonra yer üzərində onun nişanələri yaşanır. İnsan da belədir. Onun içərisində baş verən fəlakətlər bitdikdən sonar, o fəlakətlərin ağrıları yaşanır
     İnsan da dönüb təbiət olur bəzən. Özü öz içindən sovurur özünü dəli küləklər kimi. Zəlzələdən dağılmış bir evtək sarsılmış duyğularıyla mənliyini əzən bir dağ altında qalır... Əzilir, dağılır, xarabalığa dönür... İnsanlıqdan üz çevirir... Yer üzü zəlzələdən uçub dağıldığı kimi, onun da insanlıq dünyası dağılır
     Çox sevdiyim şair Ə.Kürçaylının bir bənd şeiriylə başlamaq istəyirəm yazımı

     Yenidən enməkçün öz yuvasına
     Qartal yüksəklərə qalxar, deyirlər.
     Səyyah vurulmaqçün öz obasına
     Ona uzaqlardan baxar, deyirlər.

     Neyləsək də, tale bizə qürbəti rəva gördü. Məmlkətdə yaşamaq istədim, ruhumu sığdıra bilmədim... Bir səyyah olaraq ölkəni kənardan seyr etməli oldum
     “Demokratiya” yaranandan ölkədə əsl insan zəkasının haralarda itib qaldığını bilə bilmirik. Ya da ona elə bir yerdə, elə bir şəraitdə rast gəlirik ki, bəşərdəki haqsızlıqların şahidi oluruq. Bu günün müəllimlərini kim yetirir. Məktəbmi, müəllimmi, yoxsa para deyilən kağız parçalarındakı rəqəmlərmi
     Unutmaq olmaz ki, müəllimlik ən müqəddəs peşədir. Bəs bu günün müəllimləri kimlərdir? - Zay məhsul istehsalçıları
     Yaxud həkimlər olsun. İnsan taleyini həvalə etdiyimiz həkimlər kimlərdir? İnsan orqanizmini hərraca qoyan biznes mənlər
     Hardan yaranır bu mənlər? Hansı planetdən enib gəliblər yaşadığımız planetə? Onları yaradan məişət pozğunluğudurmu
     Bəlkə onlar bizim planetə yox, biz məişət pozğuntusunun güclü axınında axıb, onların planetinə köçmüşük
     Bəzi “Dindarlar”ın dar düşüncələrindən yaranan selmi axıtdı bizi bu planetə? Ayətullahların Ayla bağlı cəfəngiyyatlarımı? “Ruhanilər”in ruhumuza vurduğu mənəvi zərbələrmi
     Bəlkə çoxluq təşkil edən məmurların dəyənəklərindən aldığımız zərbələrin təsirindən kor olan gözlərimiz azdırdı bizi?.. Bəlkə səfalətdən boğulan ahıl insanların iniltiləri gətirdi bizi bu planetə?.. Bəlkə elə çinovniklərin hay-huyuna düşdük?.. Bəlkə ədalət meydanında səsimiz kəsildiyindən ədalətsizlik meydanında bağırmaq, hayqırmaq həvəsinə
     Bəlkə?.. Bəlkə
     O qədər bəlkələr var ki
     İnsanın düşüncəsini daraldan, beynini yoran, mənliyini əzən, gözlərini acıdan, ürəyini inlədən, sözünü yoran, səsini qalın bir buz parçası kimi qıran bəlkələr
     Bu bəlkələrin atəşindən yanan ürəyimin yanğısını ifadə etmək üçün işlətdiyim sözlər də alışıb yanır sanki... Bu mənəviyyatsızlığın sonu necə olacaq

                                         DƏRK EDƏN KİŞİ VARMI

     Bu gün Azərbaycanın ictimai həyatında çox böyük dəyişikliklər gedir. Ən dəhşətlisi odur ki, bu dəyişikliklər ölkəni yalnız mənəvi fəlakətə, mənəviyyatsızlığa, savadsızlığa doğru sürükləyir
     Bir yandan, - “Kişiyə hər şey olar, qadına isə yox!”, - İslam adından öz çirkin məqsədləri naminə möminlik maskası taxmış bir çox saxta ruhanilərin, düşüncəsi dar dindarların  bu sözü şüar edərək, ölkədə qadını adi bir əşya səviyyəsinə endirməsi, qadında şəxsiyyət deyil, sadəcə kişi ehtirasının və ya qayğısının tələbinə cavab verən bir mexanizm görməsi, digər tərəfdən isə inancı olan insanların etiqadına qarşı hörmətsizlik və təhqir
     Ölkədə nə insan, nə də sevgi azadlığı var. Lakin bolluca şəhvət azadlığıdır! Sevgi xatirinə evlənmək yox, evlənmək xatirinə sevgini heçə verib, ehtirası sevgi adlandıranlar bolluğudu
     Şeyx Şamil anasına: “Şamil kimi oğuldan birini də doğa bilərsənmi? - deyəndə, qadın: “Əlbəttə, əgər onu əkən kişi olsa!” - demişdi. Gətirdiyim misal üçün çox üzr istəyirəm, lakin cəmiyyətdəki bütün çirkinlikləri qadınlarda axtaran “əli təsbehlilər”i  görəndə sərt danışmaya bilmirəm
     Qoy qeyrəti olan kişilər məndən inciməsin, 20 il ana-bacısı düşmən əsarətində min bir məşəqqət görən “kişi”nin ailəsnə olan münasibəti də elə ana-bacısına olan münasibətindən irəli gəlir. Allah Həsən bəy Zərdabiyə qəni-qəni rəhmət eləsin! Onun dediyi kimi, dırnaq arası "KİŞİ"yəm deyib namusdan, qeyrətdən dəm vuranlara, simasını itirmişlərə ünvanlanıb bu sözlər. Əgər beləlri ilə ailə quranlar varsa, deməli qadınlıq da ölüb. Ölənin balası küçələrdə böyüyür, buna görə günah ölənin yox, öldürənindır. V.Hüqodan sitat gətirməli olacam. Müəllif “Səfillər” əsərində yazır: “Qaranlıq bir qəlbdə günah doğar, lakin günah o qəlbi daşıyanın yox, həmin qəlbdə qaranlığı yaradanındır.” Sözdə İslam adından danışan düşüncəsi dar dinadarların yaratdığı cəhalətin, irticanın hökm sürdüyü bir cəmiyyətdə inamı gültək solan insanlar dünyanın ən məsum insanları  deyilmi
     “9 ay” dediyin müqəddəsliyə aparan yoldu. Bu yolun yolçuları mütləq bir gözəlliyin ardınca getdiklərini tam mənası ilə dərk etməlidirlər
     Hal-hazırda dərk edən kişi varmı?.. Təki “Toy olsun” ! Yaxşı siyasətdir!.. Cahili cahil gülləsiylə məhv edirlər
     Artıq bir çox qızlar, qadınlar həyatın mənasını yalnız ərə getməkdə, bir damın altında başını girləmək xatirinə yaşından və başından fərqli olmayaraq hər hansı bir kişinin kəbinli köləsi olmaqda, iyrənc bir həyatın qoynunda görürlır. Əksəriyyət kişilər qonşu çəpərində banlayan xoruzlar kimi ərsiz qadınların pusqusunda dururlar. İctimai həyatda mədəni bir qadın görəndə, onda şəxsiyyət deyil, tam başqa bir şey görməyə çalışırlar. İnsanların niyyəti o qədər çirkinləşib ki, artıq mənzillərindən də üfunət qoxuyur. Eləcə də məmləkət... Niyyəti saf bəndələr azdır, az olduqları üçün də ölkəni bürüyən qarşısıalınmaz tufan qarşısında gücsüzdürlər
     Nə deyim?.. Necə deyim?.. Yenə Sevil, çadrada Balaşın köləsi… Balaşın başı Dilbər kimi başıboşların ayağında… Gülüş isə biçarə Sevilin gözlərini açmaq üçün mücadilə meydanında

                                            LAZIM

     Bu ölkənin atası ölüb. Anası bir çətən külfətlə ortalıqda başsız qalıb.
Bu ölkədə ANAlar qovrulur, kimsənin vecinə deyil. İşsizlik üzündən ailəsi qarşısında xəcalətli olmamaq üçün, bir qisim ölkədən xaricə yol alır, bir qisim ölkəni satın alan əcnəbilərə qul kimi çalışır, bir qisim izi-sorağı olmadan (İranda həbs olunan şairlər kimi) qeybə çəkilir. Qorxu, təşviş, həyəcan... ANAlar  neyləsin axı
     Övladlar sıxıntı və ehtiyac üzündən elmdən, bilikdən uzaqlaşıb. İrtica baş alıb gedir. Oğlanlar dar köynək, qızlar dar şalvar azarına tutulub. ANAlar acizdir
     Evin tərbiyəsini el pozur, elin tərbiyəsini isə?.. Atalar belə yerdə deyir: “Su başdan bulanır
     Şair Ağagül İncəlinin diliylə desək

     Tüstümüz bol, istimiz yox
     Yaş oduna qalanmışıq
     Çölümüzdən tumarlanıb
     İçimizdən talanmışıq

     Birləşəndə bir olmuruq
     Selləşəndə gur olmuruq
     Lilləşəndə durulmuruq
     Çünki başdan bulanmışıq

     Allah Mirzə Cəlilə, M.Ə.Sabirə, Nəcəf bəy Vəzirova, M.F.Axundova, Cəfər Cabbarlıya qəni-qəni rəhmət eləsin! Mən onların nələr çəkdiklərini, gecədən səhərə Günəş doğsun deyə, ömürlərini əzab içində çürütdüklərini  duyduqca, onlara, sözün yaxşı mənasında, həsəd aparır, eyni zamanda böyük bir ürək ağrısıyla təəssüf hissi keçirirəm. Hanı bəs o zəhmətin bəhrəsi
     Bəlkə geniş salonlu restoranlarda, şadlıq evlərində ucalan bayağı musiqilərdə? Bəlkə markaları “düşmən gözü tökən” bahalı avtomobillərin rahatlığında Vətəni və Milləti yaddan çıxarmış oliqarxların meşşan təbiətli masalarında? Bəlkə dünyaya meydan oxuyan neftimizin qarasıyla üzümüzü qaraldan istismarçı məmurların vicdansız vicdanlarında? Hanı o zəhmətin bəhrəsi
     - Bilmirik! Bizi dərin bir bataqlığa atıblar!.. Bu bataqlıqdan çıxmaq üçün isə el birliyi lazımdı
     Və görəsən, o “LAZIM”ı bizim qədər gözləyən varmı
     - İnşəAllah
Reyhanə ASLAN