Elvir Əliyev : Demokratik cəmiyyətdə insan hüquqları
Demokratiya xalq hakimiyyəti deməkdir. Həqiqi xalq hakimiyyətinə nail olmaq üçün cəmiyyətdə bir sıra şərtlərin olması zəruridir. Bu şərtlər aşağıdakılardır
parlamentə həqiqətən azad və bərabər seçkilərin keçirilməsi
düşüncə, fikir azadlığı
qeyri-hökümət təşkilatlarının dövlətlə bərabərhüquqlu fəaliyyəti
vətəndaşların siyasi həyatda mükəmməl, səmərəli iştirakı
Bu şərtlər hüquqi dövlətin fəaliyyətini, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması kimi amillərlə bağlıdır. Həmin şərtlərin hamısı hansı cəmiyyətdə varsa, deməli orada demokratik siyasi rejim mövcuddur. Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür. Buradan aydın olur ki, cəmiyyətlə şəxsiyyət arasında münasibətlər insanın hüquqları və əsas azadlıqları ilə bağlıdır. Şəxsiyyət yalnız onun tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında məsuliyyət daşıyır
Cəmiyyət o halda şəxsiyyətdən məsuliyyət tələb edə bilər ki, onun tam və azad inkişafını, əsas hüquq və azadlıqlarını təmin etmiş olsun. İstər ayrıca cəmiyyətdə istərsə də dünyada azadlığın, ədalətin və ümumi sülhün əsasını insan hüquqlarına hörmət təşkil edir. İnsan hüquqları demokratik cəmiyyətdə Konstitusiya qanunu kimi müəyyən edilir. Odur ki, insan hüquqlarını bəzən “konstitusiya hüquqları” da adlandırırlar. İnsan hüquqlarının qorunması demokratik cəmiyyətin, demokratiyanın mahiyyətindən irəli gəlir. Çünki demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyidir. Bu cəmiyyətin təməl qanunları İnsan hüquqlarıdır. Prezidentdən tutmuş adi fəhləyə qədər hər kəs bu hüquqların gözlənilməsi üçün məsuliyyət daşıyır
Bu hüquqların təminatı nə səviyyədədirsə, insanların azadlığı da o səviyyədədir. Əgər insanıın təbii hüquqları pozulursa, şəxsi ləyaqət hissi tapdanırsa, özünü alçaldılmış hiss edər