Demokratik Azərbaycan Hərəkatının xalqa müraciəti

06/10/2013 23:58

Əziz həmvətənlər. Biz sizlərdən məsafəcə min kilometrlərlə uzaq da yaşasaq da, ürəyimiz və düşüncələrimiz daim sizinlə birlikdədir. Bizlər Azərbaycanı siyasi səbəblərdən tərk etmiş mühacirlər olaraq azad və qüdrətli Azərbaycan uğurunda daim mübarizə aparır, vətənimizə dönəcəyimiz günü həsrətlə gözləyirik 

Məlumunuzdur ki, oktyabrın 9-da Azərbaycan Respublikasının tarixində mühüm günlərdən biridir. Məhz bu gün milyonlarla azərbaycanlı səsvermə məntəqələrinə gedərək ölkəni yaxın 5 ildə idarə edəcək şəxsi müəyyənləşdirəcəklər. Ola bilsin ki, hakimiyyətin etdiyi ardıcıl saxtakarlıqlar vətəndaşların ədalətin qələbəsinə inamını sarsıtmışdır. Lakin bir şey həqiqətdir ki, demokratik dövlət quruculuğunun yolu dinc şəkildə səsvermədən və verdiyin səsi müdafiə etməkdən keçir. Biz siyasi mühacirlər olaraq, Azərbaycan xalqına, büdcə təşkilatlarında çalışanlara, dövlət qurumları ilə əlaqəli işləyənlərə, iqtidardakı vicdanlı insanlara müraciət edirik. Bildiririk ki, onlar cəza aparatından qorxub rejimə dəstək verdikcə, saxtakarlıqlarda iştirak etdikcə, Azərbaycanı daha da uçuruma sürükləyirlər. Bu gün hardasa işlərini itirəcəklərindən qorxub saxtakarlıq edənlər bilməlidirlər ki, onların bu əməlləri Azərbaycanı Suriya, Misir və digərləri kimi iç savaşa sürükləyir. Hakimiyyətin saxtakarlıqlarına dəstək verənlər anlamalıdırlar ki, bu addımla özlərinin, övladlarının və bütün xalqın taleyini faciəyə aparıb çıxaracaq. Bu səbəbdən biz prezident seçkilərində sə vermə hüququ olan azərbaycanlılara, Azərbaycan xalqına müraciət edərək onları 9 oktyabrda Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi, professor Cəmil Həsənliyə səs verməyə və verdikləri səsi qələbəyədək müdafiə etməyə çağırırıq 

 

Demokratik Azərbaycan Hərəkatı