Demokratik Azərbaycan Hərəkatının 10 mart aksiyasıyla bağlı Bəyanatı

Vətənimizdən məsafəcə nə qədər uzaqda yaşasaq da, Azərbaycanda baş verən bütün proseslərlə yaxından maraqlanırıq. Təəssüf ki, artıq neçə müddətdir ki, Azərbaycandan sevindirici xəbərlər ala bilmirik. Azərbaycan hakimiyyətinin davamlı olaraq apardığı repressiya siyasəti, həbslər, təqiblər, təhdidlər ölkədə idarəolunmaz bir durum yaratmışdır. Xüsusilə mətbuata davamlı hücumların edilməsi, ölkənin iki yüksək rütbəli məmurunun – fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və daxili işlər naziri Ramil Usubovun “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi xüsusi ittiham qaydasıyla məhkəməyə verib onun həbsini tələb etmələri bizdə təəssüf və hiddət doğurmuşdur. Eyni zamanda bu addım Azərbaycanda azad mətbuata qarşı hücumun bilavasitə ölkə rəhbərliyi tərəfindən təşkil olunduğunu təsdiq edir
Bununla yanaşı, ölkənin iki aparıcı qəzetinin “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin fantastik məbləğdə cərimələnmələri, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qanunsuz olaraq həbsdə saxlanılması, xəbər saytlarına hücumların təşkili və digər proseslər artıq Azərbaycanda azad mətbuatın sözün əsl mənasında məhv edildiyini göstərir. Eyni zamanda Azərbaycan hakimiyyətinin 20 ildir ki, istifadə etdiyi şablon üsullarla Nida Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovu həbs edərək işgəncələrə məruz qoyması, həyatının ilk addımlarını atan gəncləri şantaj edərək saxta etiraf ifadələrinin alınması və televiziya vasitəsilə yayılması kifayət qədər iyrənc bir əməliyyatdır. Müxtəlif ali məktəblərdə təhsil alan bu gənclərin barəsində 3 aylıq həbs qət-imkan tədbirinin seçilməsi hakimiyyətə qətiyyən baş ucalığı gətirmir. Biz hakimiyyətdən birmənalı şəkildə tələb edirik ki, bu gənclərə qarşı apardığı iyrənc əməliyyata son qoysun. Çünki bütün çirkinliklərə rəğmən bu insanlar çox keçmədən azadlıqlarına qovuşub həyatlarını quracaqlar. İllər öncə hakimiyyətin oxşar çirkin ssenarisinin qurbanına çevrilərək universitetdən çıxarılmış Səid Nuri, Turan Əliyev və Namiq Feyzullayev kimi həyatlarını quraraq yenə mübarizələrini davam etdirəcəklər. Hakimiyyətin iyrəncliyi isə ona qarşı nifrəti daha da artıracaq. Bu üzdən biz Nidaçı gənclərin dərhal azadlığa buraxılmasını tələb edirik
Həmçinin 10 mart 2013-cü il tarixində Bakı şəhəri Fontanlar bağında “Əsgər ölümlərinə son” tələbilə keçirilən aksiyada vətəndaşlara zor tətbiq edilməsi, yüzlərlə insanın həbsə atılması, zorakılıqlara məruz qalması, şəhid valideynlərinin təhqir olunması bizim ürəyimizi ağrıtmışdır. Dərin təəssüf hissiylə deyirik ki, vicdanını itirmiş polis nəfərlərinin, hakimiyyət nümayəndələrinin bu vəhşiliyi bütün dünyaya səs salmış, ölkəmizin və xalqımızın imicinə çox pis zərbə vurmuşdur. Artıq dünyanın aparıcı media qurumları bu xəbəri yaymış və Azərbaycan hakimiyyətinin nə qədər amansız, acımasız olduğunu ortaya qoymuşdur
Biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu olayları dərin təəssüf hissilə izlədiyimizi bildirərək Azərbaycan hakimiyyətindən represiyalara son qoymağı tələb edirik. Bildiririk ki, hakimiyyət bu addımları davam etdirdiyi təqdirdə iqtidar təmsilçiləri xaricdə yaşayan azərbaycanlıların ciddi təzyiqinə məruz qalacaqdır. Dünyanın müxtəlif ölkələrində Azərbaycan səfirliklərinin qarşısında, beynəlxalq qurumların binası önündə davamlı aksiyalar keçiriləcək. Şəxsən prezident İlham Əliyev başda olmaqla məmurların xaricə səfərlərində, onların keçirdiyi görüşlər zamanı hakimiyyətin düşünə bilmədiyi etiraz aksiyaları təşkil olunacaq. Biz xaricdə yaşamağımızdan və imkanlarımızdan yararlanaraq Azərbaycan hakimiyyətinin iç üzünü dünyaya tanıdıb, iqtidar nümayəndələrinə sanksiyalar tətbiq olunmasına çalışacağıq. Hələlik isə xəbərdarlıq edirik. Bildiririk ki, bu qədər problemlər varkən azərbaycanlının azərbaycanlıyla qarşı mübarizə aparmasının əleyhinəyik. Lakin Azərbaycan hakimiyyəti vətəndaşlara, siyasi opponentlərə, azad mediaya, aktiv gənclərə, sadə etirazçılara düşmən münasibəti bəsləməkdə davam edəcəksə, eyni düşmən münasibətini də ona sərgiləyəcəyik
Demokratik Azərbaycan Hərəkatı
10 mart 2013-cü il