DAH-ın Azərbaycandakı son repressiyalarla bağlı bəyanatı

20/05/2013 01:46

Demokratik Azərbaycan Hərəkatı 6 iyunda Brüsseldə aksiya keçirəcək

Son aylar Azərbaycanın ictimai-siyasi həyatında öz aktivliyi ilə seçilən insanlara, o cümlədən vətəndaş cəmiyyəti qurumlarına qarşı aparılan siyasi təzyiqlərin bu vaxta qədər görünməmiş səviyyədə artdığı müşahidə olunur. Tanınmış siyasi simalardan olan İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllı olaylarına görə, həmçinin ictimai asayişin pozulması ittihamı ilə NİDA-çı gənc fəalların, narkotik ittihamı ilə AXCP-çi gənclərin, eləcə də sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən bloqqerlərin həbsi bizləri narahat etməyə bilməzdi. Həmçinin həbslərdən sonra istintaqın şəffaf aparılmaması, hətta siyasi partiya üzvü olmayan bloqqerlərə ağlasığmaz işgəncələrin verilməsi, Aslan İsmayılovun obrazında müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdırmağa cəhd edilməsi, internet senzurasının yaradılmasına çalşılması və digər olaylar hakimiyyətin siyasi rəqiblərə və müstəqil insanlara qarşı qeyri-sivil və qeyri-qanuni mübarizə metodlarından istifadə etdiyini bir daha təsdiqləyir.
Bu həbslər və repressiyalarla paralel olaraq regionlara səfər edən siyasi və ictimai xadimlərin təşkil olunmuş təzyiqlərlə üzləşməsi, yerli icra başçılarının daşıdıqları vəzifənin səlahiyyətlərindən kənar açıqlamaları ictimai-siyasi mühitdə aqressiyanın artmağına xidmət edir ki, geosiyasi baxımdan həssas bir ərazidə yerləşən Azərbaycan kimi ölkə üçün bu, xüsusilə təhlükəlidir.
2013-cü ildə Azərbaycanda prezident seçkisi olduğu üçün beynəlxalq təşkilatların bölgəyə diqqətinin artdığı və ölkədə rəqabətin genişləndiyi məqamda hakimiyyətin repressiv siyasət aparması çox təhlükəli tendensiyanın yaranmasına səbəb ola bilər.
Demokratik Azərbaycan Hərəkatı bu siyasi təzyiqləri qətiyyətlə pisləyirək Azərbaycanda baş verən özbaşınalıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün 6 iyunda Brüsseldə aksiya keçirməyə qərar verib. Aksiya üçün Brüsselin mərkəzi meydanlarından biri seçilib. Artıq aidiyyatı qurumlardan aksiya üçün icazə alan DAH-ın aksiya keçirəcəyi meydan həm Avropa Parlamentinə, həm Avropa Komissiyasına, həm də digər beynəllxalq qurumlara gedən yolun kəsişməsində yerləşir. Demokratik Azərbaycan Hərəkatı 6 iyun aksiyası ilə mərkəzi ofisi Brüsseldə yerləşən beynəlxalq qurumların diqqətini Azərbaycanda prezident seçkiləri öncəsi baş verən repressiyalara çəkmək niyyətindədir. Aksiya günü eyni zamanda Avropa Parlamentinin nümayəndələrilə də DAH üzvlərinin görüşü keçiriləcəkdir.

Demokratik Azərbaycan Hərəkatı

20 may 2013-cü il

Avropa