Aksiya, su şırnağı, rezin güllə, gözyaşardıcı qaz

10/03/2013 16:51

Ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının təşəbbüsü ilə bu gün saat 15-ə təyin olunmuş “Əsgər ölümlərinə son” devizli etiraz aksiyası artıq başlayıb

15.05. Reportyorlarımızın verdiyi xəbərə görə, aksiya başlar-başlamaz polis qüvvələri hücuma keçiblər və rezin güllələrdən, su şırnaqlarından istifadə etməklə aksiya iştirakçılarını qovub dağıdıblar

15.07. Çevik polis alayının əməkdaşları övladılarını ordu sıralarında itirmiş valideynlərin əllərindəki portretləri alıb atıblar, özlərini isə təhqiramiz şəkildə sürüyə-sürüyə meydandan uzaqlaşdırıblar

15.08. İnsanların toplaşdığı yerlərə gözyaşardıcı qaz buraxılıb və bunu gözləməy aksiya iştirakçıları zəhərlənməmək üçün kənara çəkiliblər.

15.12. Bütün təzyiqlərə, təqiblərə baxmayaraq aksiya iştirakçılarını qovub dağıtmaq mümkün olmur. Onlar su şırnaqları altında tamamilə islansalar da, meydanı tərk etmir, oturaq aksiya keçirməyə çalışırlar

15.14. Aksiya iştirakçılarının bir hissəsi “Azərbaycan” kinoteatrı istiqamətində hərəkət edirlər. Təxminən 10 adam saxlanılıb

15.15. Redaksiyamıza verilən xəbərə görə, ölkənin cənub istiqamətindən paytaxta daxil olan avtomobillərin qarşısı kəsilib. Salonunda kişilər olan maşınlar paytaxta buraxılmır. Bu tədbirin 10 mart aksiyası ilə bağlı olduğu bilidirilir

15.16. Aksiya davam edir. Supüskürdən maşınlardan vurulan təzyiqli su gənclərin əzmini qıra bilmir. Polislər həbslər həyata keçirir,saxlanılanları döyə-döyə polis maşınlarına basırlar

15.17. 1000-dən artıq aksiya iştirakçısının olduğu bildirilir. Polis qüvvələri qıvraq gənclərin öhdəsindən gələ bilmir. Yalnız su şırnaqları ilə onları müvəqqəti dağıtmaq mümkün olur. Ancaq gənclərin yenidən toplaşırlar. Bütün Fəvvarələr meydanı boyunca aksiya gedir, şarlar səslənir. Polis səsgücləndiricilər vasitəsilə gəncləri dağılışmağa çağırır

15.22. Aksiyaçılar iki hissəyə bölünüb. Natəvan klubunun yanında çoxlu gənc toplanıb, şüarlar səsləndirir, əsgər ölümlərinə etirazlarını bildirirlər.

15.25. Polis aksiya iştirakçılarını qorxutmağa çalışır, havayarezin güllələr atır, səsgücləndiricilərlə çağırışlar edirlər. Bununla belə, gənclərin dirənişi davam edir. Saxlanılanların sayı xeyli artıb.

15.27. Aksiya davam edir. Gənclər şəhid əsgərlərin valideynləri ilə birlikdə “Makdonalds”ın qarşısında şüarlar qışqırırlar. Polislər onların qarşısını kəsiblər, ancaq həmlə edib qovmurlar

15.28. Çevik polis alayının əməkdaşları pərən-pərən salınmış aksiya iştirakçılarını bir-bir “ovlayır”, yaxınlıqda dayanmış avtobuslara aparırlar

15.30. Əməkdaşımız xəbər verir ki, jurnalistlərin hamısı supüskürdən maşından vurulan təzyiqli su şırnaqlarının altında islanıblar

15.35. Mərkəzi Univermaq istiqamətində bir qrup aksiyaçı “Əsgərimiz ölməsin, ordu morqa dönməsin” şüarı ilə Fəvvarələr Meydanına doğru irəliləməyə başlayıb. Ancaq polis onları da dağıtmağa çalışır

“Azadlıq” radiosunun əməkdaşı Kəbiran Dilavərli deyir ki, həmin aksiyaçılardan çoxunu həbs edib

15.36. Verilən məlumata görə, polis 54 nəfəri birdən mühasirəyə alaraq həbs edib. Həbs olunanların üzünə qaz fısqırdılıb. Bu hətta onlar maşına oturdulduqdan sonra baş verib

15.40. Aksiyanın əsas avanqard hissəsi ya meydandan qovulub, ya da həbs edilib. Yerdə qalanlar əsgər valideynlərinin başına yığılıblar.Ancaq polislər onlara da məhəl qoymur, qadın, kişi demədən, avtobuslara sürüyür, fiziki təzyiq göstərirlər

15.50. Aksiya yekunlaşmış sayılır. Fəvvarələr meydanında yalnız polislər və jurnalistlər qalıb. Saxlanılanların əsasən Səbayel və Yasamal polis idarələrinin bölmələrinə aparıldığı bildirilir