Azərbaycanlıların Strasburq aksiyası
Demokratik Azərbaycan Hərəkatının təşəbbüsü ilə Fransanın Strasburq şəhərində saat 13:00-dan 15-:00-a qədər Avropa Şurası Parlament Assambleyasının binası önündə aksiya keçirilib. Avropanın müxtəlif ölkələrindən 100-dən çox siyasi mühacirin qatıldığı aksiyanı DAH üzvü İlham Həsən açaraq aksiyanın məram və məqsədi barədə məlumat verib. Bildirib ki, bu azərbaycanlı siyasi mühacirlərin Strasburqda təşkil etdiyi ilk aksiyadır. Tədbirin keçirilməsində isə əsas məqsəd 2012-ci ildə Ştrasserin “Siyasi məhbus anlayışı” barədə hesabatının AŞPA tərəfindən rədd edilməsi edilməsindən sonra Azərbaycanda vəziyyətin daha da gərdinləşməsi, siyasi məhbusların daha da çoxalması, azad mediaya basqaıların artmasıdır. İlham Həsənin aksiyanı açmasından sonrz Avropada yaşayan siyasi mühacirlər – Eldəniz Yusibov, Ataxan Əbilov, Avropa Azərbaycanlıları Millik Birlik Şurasının sədri Qabil Rzayev. mühacir jurnalist Fikrət Hüseynli, Elnur Məcidli, Azərbaycan Beynəlxal Universitetinin keçmiş rektoru Elşad Abdullayev, şair Mirzə Sakit, Almaniyada mühacir həyatı yaşayan Yeganə Əmiraslanova, İsveçrədən Elbəyi Həsənli, Coşqun bəy, Baltikyanı ölkələrdən Vuqar Rəşidov, İsveçdən Sərdar Ağayev və digərləri çıxış edərək öz fikirlərini ifadə etdilər. Azərbaycan hakimiyyətinə qarşı ciddi mübarizə aparmağın vacibliyini vurğuladılar. Aksiya zamanı məlum olub ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti aksiyada iştirak edənləri AzTV-nin kamerası ilə uzaqdan çəkmək göstərişi verib. Bu da aksiyada iştirak edən gənclər tərəfindən etirazla qarşılanıb və onlar üzlərini kameraya tutaraq siyasi məhbuslara azadlıq istəyib, hakimiyyətə qarşı digər şüarlar səsləndiriblər. Bundan sonra AzTV çəkilişi yığışdırmağa məcbur olub. Eyni zamanda siyasi mühacirlərin aksiyasından öncə bildirilibmiş ki, Azərbaycandan gəlmiş Eynulla Fətullayev aksiyaya gəlib təxribat salacaq. Təşkilatçılardan Fikrət Hüseynli və Rəşad Sadıqov bununla bağlı Eynulla Fətullayevlə görüşəndə o, bunu təkzib edərək təxribat adlandırıb. Aksiya zamanı Azərbaycan hakimiyyətinin Strasburqdakı, AŞPA-dakı və Avropa Parlamentindəki nümayəndələri dəfələrlə prosesi müşahidə etmiş hətta narazılıqlarını dilə gətirməyə cəhd göstərmişlər. Eyni zamanda bəzi nümayəndələr aksiyaçıların tələblərilə razı olduqlarını, Azərbaycan rəhbərliyinin xalqı saymadığını bildirmişlər. 2 saata yaxın çəkən aksiyadan sonra aksiyaçılar adından Demokratik Azərbaycan Hərəkatının rəhbərliyi, eyni zamanda Avropa Azərbaycanlıları Milli Birlik Şurasının nümayəndələri AŞPA binasına daxil olmuşlar. AŞPA binasında çoxlu görüşlər keçirən, Azərbaycandakı mövcud vəziyyətlə bağlı ingilis dilində vərəqələr paylayan Demokratik Azərbaycan Hərəkatının rəhbərliyi AŞPA-dakı Türkiyə nümayəndə heyətinin üzvü, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Dəniz Baykalla, AŞPA-nın keçmiş baş katibi Mövlud Çavuşoğluyla, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla, Qənirə Paşayeva, Fazil Qəzənfəroğluyla, Rusiya nümayəndə heyətilə, Nederlanddan və Danimarkadan olan deputatlarla, kanadalı qonaqlarla, AŞPA katibliyinin nümayəndələrilə, Gürcüstanın baş naziri İvanaşvili və digərləri ilə görüşmüşlər, onlara Azərbaycanda baş verən olaylarla bağlı narazılıqlarını çatdırıb, məlumatlar vermişlər. 3 saata yaxın AŞPA binasında keçirilən görüşlər zamanı Demokratik Azərbaycan Hərəkatı AŞPA rəhbərliyinə və assambleyadakı bir çox deputatlara Azərbaycan həqiqətlərini çatdırmışlar. Bu görüşləri narahatçılıqla izləyən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov əlaltıları vasitəsilə DAH rəhbərliyinin görüşlərini kontrolda saxlamağa, məlumat toplamağa çalışmışdır. Bu isə Azərbaycan hakimiyyətinin AŞPA qarşısındakı aksiyadan nə qədər narahat olduğunu bir daha ortaya qoyur. Mühacirlər isə bu aksiyayla kifayətlənməyəcəklərini, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə davamlı aksiyalar keçirəcəklərini bildirmişlər