Çadır qurub, haqqımızı tələb edəcəyik

20/03/2013 11:21

 

Azəriqaz» İstehsalat Birliyi Dövlət Neft Şirkətinin tabeliyinə birləşdirildikdən sonra bu qurumda keçmiş rəhbərliyin dövründə vəzifələrə təyin olunmuş təcrübəli kadrların işdən çıxarılması prosesinə yenidən start verilib

Bu barədə ölkə prezidenti İlham Əliyevə və ARDNŞ rəhbəri Rövnəq Abdullayevə müraciət edən birlik əməkdaşları deyirlər ki, yeni ildən etibarən rəhbərlik Əlixan Məlikovun dövründən «Azəriqaz» və onun rayon idarələrində işləyənlərə qarşı sərt tədbirlər həyata keçirməyə başlayıblar: Artıq Əlixan Məlikovun dövründən «Azəriqaz»da işləyən mühəndislərin kütləvi şəkildə işdən çıxarılmasına qərar veriblər. Birlik rəhbərliyi bunu çox ehtiyatlı və tədbirli formada həyata keçirir ki, kənardan buna başqa ad vermək olmasın. Onun üçün də kütləvi işdən qovulma hadisəsini struktur dəyişikliyi adı altında həyata keçirirlər

Birlik əməkdaşlarının sözlərinə görə, mühəndislərlə yanaşı, Əlixan Məlikovun dövründən bu sahədə çalışan təcrübəli texniki işçiləri də işdən uzaqlaşdırırlar: Bu 2 -3 ay ərzində Rayon Qaz-İstismar sahələrinin baş mühəndisləri və texniki şöbələrinin rəisləri dəyişdirilir. Bu proses «Azəriqaz»ın mərkəzi aparatından tənzimlənir

Birlik işçiləri deyir ki, rəhbərlik əvvəlcə rotasiya qaydasında dəyişikliyə də yol verir ki, gizli niyyətləri kollektivdə səsli-küylü təlaş yaramasın: Məsələn, Yasamal idarəsinin mühəndisini Nəsimiyə göndərirlər, Nəsimidəki mühəndisi Nərimanova və sair. Bununla da diqqəti yayındırır və sonra da həmin işçiləri səbəbsiz işdən qovurlar. Təsəvvür edin ki, 30 ilin təcrübəli mühəndisini «Azəriqaz» sistemindən anlayışı olmayanlarla əvəz edirlər. Bilirsiniz ki, qaz təsərrüfatı strateji sahədir. Bu sahə ilə belə davranmaq gələcəkdə qarşısı alınmayacaq böyük hadisələrin baş verməsinə zəmin hazırlamaqdır. Təəssüf ki, rəhbərlik bunu anlamır. Onlar öz kadrlarını nəyinsə hesabına vəzifələrə gətirməklə, şəxsi maraqlarını dövlətin və millətin maraqlarından üstün tutduqlarını göstərirlər

Müsahiblərimizin sözlərinə görə, ötən il də oxşar proses baş verib: Struktur dəyişikliyi adı altında qaz təsərrüfatı idarələrinin statusunu ləğv edib, sahə statusuna keçid elədilər. Bu zaman bütün işçilərin əmək müqaviləsinə xitam verdilər. Sonradan isə yeni işçi götürüb, köhnələri yola saldılar. Hesab edirik ki, rəhbərlik yenə də eyni məkrli planı hazırlayıb. İyun ayına qədər də prosesi yekunlaşdırmaq istəyirlər. Onlar müqavilələri iyun ayında bitəcək texnik və mühəndisləri də bu şəkildə qovmağa çalışacaqlar

Sonda işçilər bildirib ki, bu dəfə geri çəkilmək niyyətində deyillər: Biz haqqımızı sonadək qoruyacağıq. Lazım gələrsə, «Azəriqaz»ın qarşısında çadır qurub, haqqımızı tələb edəcəyik

 dah24.eu